Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, böyük təqlid mərcəsi Həzrət Ayətullah Cəfər Sübhani 2026-cı il Ərbəin təbliğatçıları ümumrespublika toplantısına göndərdiyi müraciətdə bildirib ki, Ərbəin təbliğatçıları həqiqi İslam maarifinə, əməli sirəyə (həyat yolu) və zamanın tələblərini düzgün dərk edən bəsirətə söykənərək Aşura hadisəsinin mesajını izah etməlidirlər.
Müraciətin tam mətni toplantıda Höccətül-İslam Turabi tərəfindən oxunub.
Həzrət Ayətullah Cəfər Sübhani müraciətin əvvəlində İmam Hüseyn (ə) qiyamının misilsiz məqamına toxunaraq bildirib: Şiəliyin mənəvi qüdrəti şəhidlərin sərvəri həzrət İmam Hüseynin (ə) kənarında formalaşıb. Bu möhtəşəm hadisədə İmam Hüseynin (ə) və onun vəfalı səhabələrinin üstün xüsusiyyətləri, fəzilətləri və məqamları zəvvarlara çatdırılmalıdır. Həmçinin bu dəyərli fürsətdən İslam həqiqətlərinin izahı, fədakarlıq və şəhadət mədəniyyətinin təbliği, eləcə də Kərbəla şəhidlərinin bəşər tarixində «هیهات منا الذله» «Zillət bizdən uzaqdır» şüarı ilə əbədiləşən azadlıq ruhunun bəyanı üçün istifadə olunmalıdır.
Ayətullah Cəfər Sübhani daha sonra təbliğatçıların əsas vəzifələrini sadalayaraq vurğulayıb: Təbliğatçının sözü Qurani-Kərimə, qəti sünnəyə və Əhli-beytin (ə) mötəbər maarifinə əsaslanmalı, zəif, xurafat xarakterli və əsassız rəvayətlərdən uzaq olmalıdır. Əhli-beyt (ə) maarifi ağıl dəlilləri və Qurani-Kərimin şahidləri ilə izah edilməlidir ki, hazır qəlblərə təsir göstərə bilsin.
O, təbliğatçının davranışının təsir gücünə toxunaraq qeyd edib: Əhli-beyt (ə) bizə öyrədib ki, insanları dindən əvvəlcə davranışımızla, sonra sözümüzlə dəvət edək. Uğurlu təbliğatçı əxlaqı, ədəbi, təvazökarlığı, səbirli olmağı, xoş rəftarı və ehtiramı ən mühüm təbliğ vasitəsi hesab edəndir. Zəvvarlarla mehriban davranmaq, suallara hikmətlə cavab vermək, mədəni və məzhəbi fərqlərə hörmət göstərmək bu mənəvi səfərdə təbliğatçının əsas vəzifələrindəndir.
Həzrət Ayətullah Cəfər Sübhani müraciətin digər hissəsində zamanın tələblərini düzgün dərk edən bəsirətin vacibliyini vurğulayaraq bildirib: Aşura hadisəsinin mesajı bugünkü cəmiyyətin və İslam dünyasının ehtiyacları ilə əlaqələndirilməlidir ki, insanlar İmam Hüseynin (ə) qiyamının tarixi və məqsədlərini tanımaqla yanaşı, onun əbədi mesajını da müasir insan üçün düzgün anlaya bilsinlər.
Ayətullah Cəfər Sübhani Ərbəin yürüşünün əsas mahiyyətinin İmam Hüseyni (ə) ziyarət etmək olduğunu vurğulayaraq bildirib: Təbliğatın ən mühüm istiqamətlərindən biri ziyarət etməyin izahı olmalıdır. Məsumların (ə) müqəddəs məzarlarını, xüsusilə də həzrət İmam Hüseyni (ə) ziyarət etməyin əhəmiyyəti barədə mötəbər və mütəvatir hədislər bu böyük ibadətin dərin mənəvi təsirlərini göstərir.
O, ziyarət mövzusunda təbliğatın əsas istiqamətlərini sadalayaraq qeyd edib: Məsumların (ə) müqəddəs məzarlarının ziyarətinin fəlsəfəsi və hikməti, o cümlədən Əhli-beytin (ə) həyat yolu və təlimlərini daha dərindən tanımaq, vilayətə sədaqəti yeniləmək, iman və mənəviyyatı möhkəmləndirmək zəvvarlara izah edilməlidir. Həmçinin zəvvarlar ziyarət zamanı oxunan duaların yüksək məzmunu ilə tanış olmalıdırlar. Bu dualar mərifət, əxlaq, vilayətə bağlılıq və mənəvi tərbiyə məktəbidir.
Həzrət Ayətullah Cəfər Sübhani həmçinin xatırladıb: Ziyarət ədəb qaydalarına riayət etmək, digər zəvvarların hüquqlarına hörmət göstərmək, xidmətçilərə, o cümlədən müqəddəs məkanların sakinlərinə ehtiram etmək, xüsusilə müqəddəs ziyarətgahlara giriş-çıxış zamanı növbəyə riayət etmək və həmçinin izdiham şəraitində nizam-intizamı qorumaq xüsusi diqqət tələb edən məsələlərdəndir.
O əlavə edib: Həzrət İmam Hüseynin (ə) ziyarəti mərifət, təvazö, hüzn və Aşura müsibətlərini yad etməklə müşayiət olunan bir ibadətdir. Bu ziyarət əyləncə və ya festival xarakteri daşımamalıdır. Zəvvarlar Kərbəla və digər müqəddəs ziyarət şəhərlərinin ehtiramını qorumağa da ciddi diqqət yetirməlidirlər ki, bu da ilahi şüarlara ehtiramın nümunələrindəndir.
Həzrət Ayətullah Cəfər Sübhani müraciətin sonunda vurğulayıb: Əziz şəhidlərin xatirəsini həzrət İmam Hüseynin (ə) adı ilə əlaqələndirin, onların Əhli-beytə (ə) olan ixlaslı məhəbbətini və fədakarlıq, şəhadət mədəniyyətinə bağlılıqlarını zəvvarlara çatdırın ki, Aşura yolunun müasir dövrdə də davam etdiyi düzgün şəkildə dərk edilsin.
Həzrət Ayətullah Cəfər Sübhani sonda Ərbəin təbliğatçılarına uğurlar arzulayıb, milyonlarla zəvvara göstərdikləri layiqli qonaqpərvərlik və xidmətə görə İraqın imanlı, qonaqpərvər xalqına, tayfa ağsaqqallarına, eləcədə dövlət qurumlarına, alimlərə, ruhaniyyətə və həmçinin müqəddəs ziyarətgahların məsul şəxslərinə təşəkkür edib.
O vurğulayıb: İraq xalqının həzrət İmam Hüseynin (ə) zəvvarlarına göstərdiyi xidmət iman, vilayətə bağlılıq, İslam qardaşlığı və İran ilə İraq kimi iki böyük xalq arasındakı qırılmaz birliyin parlaq təzahürüdür. Bu həmrəylik və məhəbbət İmam Hüseyn (ə) məktəbinin bərəkətlərindən biri və İslam ümməti üçün böyük sərvətdir.
Rəyiniz